“Gəncə-2016″Avropalı Gənc Yazarların Hekayələrində layihəsi bitdi
Gəncə şəhərində həyata keçirilən “Gəncə 2016” Avropalı Gənc Yazarların Hekayələrində” adlı beynəlxalq layihə uğurla yekunlaşdı.
` “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə baş tutan layihənin əsas məqsədi “Gəncə 2016 “Avropa Gənclər Paytaxtı” statusunun Avropa gənclərinə təbliğ olunmasına xidmət etmək idi. Almaniya, Böyük Britaniya Krallığı, Türkiyə, Polşa, Litva, Makedoniya, Gürcüstan, Moldova, Çexiya , Rusiya, İtaliya, Ukrayna və Azərbaycandan ümumilikdə 35 gənc yazar, jurnalist, bloger və aktiv gəncin qatıldığı layihənin tərəfdaş qurumları AR Mədəniyyət və Turizm Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi idi.
Layihənin 26 Noyabr tarixində açılış mərasimi keçirildikdən sonra iştirakçılar üçün “Azərbaycan Mədəniyyət Gecəsi” təşkil olunub. Əcnəbi gənclərə milli musiqi, zəngin Azərbaycan mətbəxi təamları və s. təqdim olunub. Daha sonra müxtəlif görüşlərdə Azərbaycan həqiqətləri, “Gəncə-2016” statusu tarixçəsi , beynəlxalq tədbirlər və s. haqqında təqdimatlar nümayiş olunmuş, kitablar, braşürlər təqdim olunub. Həmçinin yazarların Gəncə şəhərinin 4000 illik tarixi, qədimliyi, zəngin ədəbiyyatı, tarixi haqqında məlumatlanmaları üçün Gəncə şəhərində fəaliyyət göstərən müzey, mərkəz və tarixi abidələrə səfərlər təşkil olunub. Eyni zamanda “Göy-göl” Milli parkına və “Maral Göl”ə ekskursiya keçirilib.
Layihənin son günü “Odlar Yurdu” GİB-in ofisində yerli gənclərin iştirakı ilə yazarların hekayələri dinlənilmiş və ən yaxşı 3 hekayə müəllifi mükafatlanmışdır.
Layihə rəhbəri Nigar Ələsgərovanın sözlərinə görə artıq layihə iştirakçıları sosial şəbəkələrdə “ecazkar ölkə”, “sirli Gəncə” başlığı ilə maraqlı şəkillər, hekayələr paylaşıblar. Onlar hətta Gəncənin çox uzaq keçmişini belə araşdırıb maraqlı faktlarla öz hekayələrini bəzəyir və artıq bir neçə gənc jurnalistin blogunda silsilə yazılar paylaşılır. Layihənin çox uğurlu və məqsədinə çatdığını söyləyən N.Ələsgərova bu tip layihələrin ölkənin və hər hansısa şəhərimizin tanıtımı və təbliği üçün olduqca əhəmiyyətli və effektiv olduğunu vurğulayıb.