“Odlar Yurdu” Gənclər İctimai Birliyi Hollandiyada keçirilən beynəlxalq layihədə iştirak edib.
“Erasmus+” proqramı çərçivəsində “Millenium Peacemakers: Break the cultural barriers” adlı layihə baş tutub. Layihə 1-10 noyabr tarixləri ərzində Hollandiyanın Lichtenvoorde bölgəsində həyata keçirilib. “Odlar Yurdu” Gənclər İctimai Birliyinin layihənin əsas tərəfdaşlarından biri olaraq 6 nəfərlik komanda ilə layihədə iştirak edib. Layihədə Azərbaycanla yanaşı, Hollandiya, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan və Slovakiyadan olan, ümumilikdə 40 nəfər gənc iştirak edib. Layihənin əsas məqsədi gəncləri millətlərarası dialoqa, birliyə, əməkdaşlığa, konfliktlərin həll edilməsinə və multikultural dəyərlərə önəm verilməsinə təşviq etmək idi.
Layihə çərçivəsində sülh quruculuğu, konfliktlərin həll edilməsi, stereotiplərin qırılması, kommunikasiya, danışıqların aparılması və s. mövzuları üzrə təlim sessiyaları, qrup işləri, müzakirələr və digər fəaliyyətlər həyata keçirilib. Həmçinin 6 noyabr tarixində mədəniyyət gecəsi baş tutub. Layihədə iştirak edən ölkələr milli mətbəxlərindən olan müxtəlif məhsulları və milli rəqs nümunələrini nümayiş etdiriblər. Eyni zamanda xarici iştirakçılara Azərbaycan-Ermənistan konflikti haqqında məlumat verilib və Qarabağ həqiqətləri iştirakçıların diqqətinə çatdırılıb.
Məlumat üçün qeyd edək ki, birlik yarandığı dövrdən etibarən beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə, bu sahədə gənclərin iştirakçılığının artırılmasına önəm verir. Belə ki, bu dövr ərzində 20-yə yaxın belə layihədə 100-ə yaxın gəncin iştirakına şərait yaradılıb.