20 Yanvar -2016
Hər il olduğu kimi bu il də “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən “20 yanvar -Ümumxalq Hüzn Günü”nə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib. Azərbaycanın müstəqillik tarixinin qəhrəmanlıq, mübarizlik, qorxmazlıq səhifəsi, qanlı 20 yanvar tarixinin 26-cı il dönümü ərəfəsində Birliyin təşəbbüs və təşkilatçılığı, “Tagiyev Mall-Cinema Club”-un tərəfdaşlığı ilə 19 yanvar tarixində “Yaddaş” filmi nümayişi olundu. Filmin nümayiş olunmasında əsas məqsəd Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, tarixi faktlar və həqiqətləri bir daha gənclərin diqqətinə çatdırmaq, onların düzgün məlumatlılığının artırılmasına xidmət etmək idi. Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə “Odlar Yurdu” Gənclər İB-in könüllülər üzrə koordinatoru Təhminə Cəfərova açdı. T.Cəfərova gəncləri salamlayaraq 20 Yanvar tarixi haqqında danışıb, gənclərin bu tarixin öyrənməsinin əhəmiyyəti və bu sahədə müxtəlif vasitələrlə maarifləndirmə işlərinin davamlı aparılmasının əhəmiyyətinə toxunub. Həmçinin “Tagiyev Mall -Cinema Club”-a da birlik adından öz təşəkkürlərini çatdırıb. Gənclər filmi böyük maraq və dərin hisslərlə izləyiblər.
Gənclər həmçinin “20 yanvar -Ümumxalq Hüzn Günü”ndə Gəncə şəhərində Şəhidlər Xiyabanını ziyarət ediblər. Gənclər şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidənin önünə və şəhid məzarlarına tər çiçəklər qoyublar.
Qeyd edək ki, 26 il bundan öncə 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi yazılsa da, bu tarix bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban verən şəhidlərimizin və cəsur vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir.