“Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020”nin rəsmi açılış mərasimi keçirilib
Sentyabrın 22-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə koronavirus (COVİD-19) pandemiyası şəraitində və postpandemiya dövründə sahibkarların motivasiya edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və mövcud pandemiya dövründə sahibkarların qarşılaşdıqları çətinliklərin müzakirə edilməsi məqsədilə təşkil olunmuş “Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020”nin rəsmi açılış mərasimi keçirilib.
Onlayn formatda təşkil olunmuş tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Millət Vəkili Erkin Qədirli, “Azərbaycan Gənc Sahibkarlar Şəbəkəsi” İB-nin sədri Xaliq İldırımzadə çıxış edərək ölkəmizdə sahibkarlığın inkişafı və özəl sektora dövlət dəstəyi tədbirləri və mexanizmləri, xüsusilə pandemiya dövründə sahibkarlara göstərilən dəstək, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, pandemiyanın neqativ təsirləri ilə yanaşı, yaratdığı imkanlar barədə fikirlərini bölüşüb, forumun işinə uğurlar arzu ediblər.
BMT-nin İnkişaf Proqramının İnnovasiyalar üzrə tədqiqi rəhbəri Leyla Seyidzadə, Avrasya Ekonomik İlişkiler Dərnəyinin idarə heyətinin sədri Hikmet Eren (Türkiyə), “Tespack” şirkətinin həmtəsisçisi, “Forbes”in “30 under 30” siyahısına daxil edilmiş sahibkar Caritta Seppa (Finlandiya), Peşəkar kouç və biznes təlimçi, emosional intellekt üzrə mütəxəssis Elçin Əzimli (Azərbaycan), “Needlab” şirkətinin təsisçisi, “Yunus&Youth” məzunu Sameera Chukapalli (İspaniya), Biznes təlimçi, təhsil eksperti və motivasiya üzrə mütəxəssis Anar Məmmədov (Azərbaycan) da təqdimatlarla çıxış ediblər. Açılış mərasimində ümumilikdə 238 nəfər iştirak edib.