Gənclər Fondu fəaliyyətinin illik yekunu ilə bağlı hesabat konfransı keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu fəaliyyətinin illik yekunu ilə bağlı hesabat konfransı keçirib. Konfransda Fondun iki il ərzində həyata keçirdiyi 4 qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihələr, onların hesabatlılıq vəziyyəti, göstərdiyi nəticələr müzakirə olunub.AzGF-nun icraçı direktoru Fərhad Hacıyev və digər dövlət rəsmiləri çıxışlar etmiş, fondun fəaliyyətindən söz açmışlar. Bununla yanaşı, Fonddan maliyyə dəstəyi alan bir neçə uğurlu layihələrin rəhbəri olan gənclər və gənclər təşkilatlarının nümayəndələri təqdimatlar keçirib, layihələri barədə məlumat veriblər. “Odlar Yurdu” GİB-nin sədri Nigar Ələsgərova da tədbirdə çıxış edərək AzGF-nun dəstəyi ilə keçirilən 2 böyük layihə haqqında nitq söyləmiş və fondla əməkdaşlıq tarixçəsi haqqında danışmışdır. “Gənclərin və Gənclər Təşkilatlarının dəstəkçisi, əməkdaşı olmaqla yanaşı Gənclər Fondu həmçinin bizlərin dostudur” fikrini səsləndirən sədr “Odlar Yurdu” GİB-in həyata keçirdiyi bütün tədbirlərdə fondun nümayəndələrinin iştirak edərək Birliyin fəaliyyətinə dəstək olduqları üçün təşəkkürlərini bildirmiş və bu gənclər tərəfindən də yüksək qiymətləndirildiyini vurğulamışdır.