“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində vətəndaşlarla görüş keçirilib.
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi uğurla davam edir və layihə çərçivəsində gələcək sahibkarlarla görüşlər keçirilir. Görüşlərin əsas məqsədi vətəndaşların layihə ilə bağlı suallarını cavablandırmaq, gələcəkdə sahibkarlıq subyekti kimi istifadə olunacaq ərazilərin təmir və avadanlıq ehtiyaclarını müəyyən edilməsidir.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin əsas məqsədi kəndlərdə sahibkarlığın inkişafına, məşğulluğa və əhalinin rifah halının yaxşılaşdırılmasına dəstək olmaqdır.
Layihə çərçivəsində İsmayıllı rayonun Buynuz, Xanagah və Topçu kəndləri və Lahıc qəsəbəsindən qeydiyyatdan keçmiş 25-ə yaxın kənd sakini ilə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində müxtəlif tarixlərdə görüşlər keçirilib. Görüşlər karantin qaydalarına uyğun təşkil edilib. Bundan başqa, görüşdə iştirak etmiş şəxslərin sahibkarlıq subyekti kimi istifadə edəcəkləri evlər və ərazilərə baxış keçirilib.
Qeyd edək ki, layihə nəticəsində 15 sahibkarlıq subyekti təsis olunacaq, 60 nəfərə yaxın şəxsin məşğulluq problemi həll olunacaqdır.