“Gələcək vəd edən həqiqətlər: multikulturalizm və gənclik”
Respublikanın paytaxtı və müxtəlif bölgələrindən (Bakı, Sumqayıt, Lənkəran, Astara, Mingəçevir, Saatlı və s.) olan gəncləri ətrafına toplayan “Gələcək vəd edən həqiqətlər: Gənclər və Multikulturalizm” adlı layihə uğurla icra olundu.
Cari ilin ölkə başçısı tərəfindən “Multikulturalizm ili” elan olunmasını əsas tutaraq, gənclərə multikulturalizmin mahiyyətini izah etmək, Azərbaycanın dünyadakı nümunəvi tolerant ölkə simasını bir daha gənclərin diqqətinə çatdırmaq məqsədi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən icra olunan layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib.Layihənin tərəfdaş qurumları Gəncə şəhər İcra Hakimiyyəti, “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyidir.
Layihə iştirakçıları qədim Gəncə ilə tanış olub, İmamzadə dini kompleksini ziyarət edib, müzeylər və tarixi məkanlara səfər ediblər. Daha sonra mütəxəssislərin iştirakı ilə seminarlarda iştirak edib, qrup çalışmalarında multikultural dəyərlərə həsr olunmuş çalışmalar icra ediblər.. Layihənin açılış mərasimində gənclər millət vəkili Pərvin Kərimzadə və digər rəsmilərin dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasət, bu siyasətin vacib tərkib hissələrindən olan multikulturalizm haqqında, onun əhəmiyyəti haqqında fikirlər səsləndirmiş, gənclərin suallarını cavablandırıblar.
Birliyin sədri Nigar Ələsgərovanın bildirdiyinə görə başlıca məqsədi multikulturalizmin Azərbaycan modelinin gənclər tərəfindən öyrənilməsi ilə yanaşı gəncləri bu mövzuda maarifləndirmək və dünyagörüşlərinin artmasına xidmət etməklə, onlara vətənpərvərlik, tolerantlıq, hümanizm, insansevərlik kimi dəyərli hisslərin aşılanması olan layihə gənclərin böyük marağına səbəb olub.