Gənclər Norveçdə
“Odlar Yurdu Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə Norveçin Trondheim şəhərində Avropa Komissiyasının “Erasmus Plus” proqramı çərçivəsində həyata keçirilən “Sunrise” adlı Beynəlxalq layihədə azərbaycanlı gənclərdən ibarət nümayəndə heyyəti iştirak edib.
Mədəniyyət və idmana həsr olunan layihədə Sloveniya, Norveç, Belarus, Türkiyə, Almaniya, Ukrayna və Gürcüstandandan fəal gənclər iştirak ediblər.
Azərbaycanı təmsil edən , gənclərdən ibarət nümayəndə heyyətinin tərkibində “Odlar Yurdu” GİB-in fəal üzvü və könüllüləri, “Qan Donorları Assosiasiyası” İB-nin rəhbərliyi və “Gənclər üçün Təhsil Mərkəzi” İB-nin üzvləri iştirak ediblər.
21-29 iyun tarixlərini əhatə edən layihədə Gənclər Azərbaycan gecəsində ölkəni layiqincə təmsil etmiş, Bakı-2015 İlk Avropa Oyunları və “Gəncə-2016” Avropa Gənclər Paytaxtına aid video çarxlar nümayiş etdirmiş və iştirakçı gənclərə hədiyyələr təqdim etmişlər. Həmçinin ölkədə həyata keçirilən idman siyasəti, mədəniyyət sahəsində görülən işlər, zəngin mətbəximiz haqqında da təqdimatlar keçiriblər.
Qeyd edək ki, “Odlar Yurdu” Gənclər İctimai Birliyi 3 ilə yaxındır ki, fəaliyyət göstərir . Fəaliyyəti müddətində davamlı olaraq gənclərin beynəlxalq layihələrdə iştirakını təmin etməklə, ölkənin təbliğində gənclərin rolunu artırmaq istiqamətində uğurlu addımlar atmış, Avropa Komissiyası tərəfindən 15 müxtəlif ölkədə keçirilən, gənclərə həsr olunan beynəlxalq layihələrin tərəfdaşı olmuşdur.Cari ilin aprel ayından isə ölkənin Avropa Komissiyasının Beynəlxalq Könüllülük Proqramından akkreditasiya əldə etmiş ən gənc təşkilatıdır.