Gənclərimiz Macarıstanda
Macarıstanda həyata keçirilən beynəlxalq layihənin 10 tərəfdaş ölkəsindən biri Azərbaycanı “Odlar Yurdu” Gənclər İctimai Birliyinin fəal gəncləri təmsil edib. Avropa Komissiyasının “Erasmus Plus” proqramı çərçivəsində həyata keçirilən “Avropa üçün aktiv gənclərlə” (“With active youth for Europa”) adlı Beynəlxalq layihədə Macarıstan ,Ruminya, Serbia, Slovakia ,Ukraniya, Albania , İtalia ,Kosova , Litva və Azərbaycanda daxil olmaqla ümumilikdə 50 fəal gənc iştirak edib. Cari ilin 12-20 iyul tarixlərini əhatə edən layihədə Gənclər Azərbaycan gecəsində gənclər ölkəmizin ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq tədbirlər haqqında, həmçinin Azərbaycanın mədəniyyəti, mətbəxi haqqında təqdimatlar keçirmişlər. O cümlədən Bakı-2015 İlk Avropa Oyunları və “Gəncə-2016” Avropa Gənclər Paytaxtına aid video çarxlar da nümayiş olunmuş, ətraflı məlumatlar verilmiş və iştirakçı gənclərə adı qeyd olunan statuslar aid hədiyyələr təqdim olunmuşdur. Həmçinin ölkədə həyata keçirilən gənclər siyasəti, bu sahədə qazanılan uğurlar və görülən işlər haqqında da iştirakçı gənclərə məlumatlar verilmişdir. Təqdimatlar iştirakçıların böyük marağına səbəb olmuş və ölkə haqqında xoş təəsüratlar yaratmışdır.
Məlumat üçün bildirək ki, “Odlar Yurdu” Gənclər İctimai Birliyi 3 ilə yaxındır ki, fəaliyyət göstərir . Fəaliyyəti müddətində davamlı olaraq gənclərin beynəlxalq layihələrdə iştirakını təmin etməklə, ölkənin təbliğində gənclərin rolunu artırmaq istiqamətində uğurlu addımlar atmış, Avropa Komissiyası tərəfindən 17 müxtəlif ölkədə keçirilən, gənclərə həsr olunan beynəlxalq layihələrin tərəfdaşı olmuşdur. Avropa Komissiyası tərəfindən 2014-cü ildə icrasına başlanılmış “Erasmus Plus” proqramının ilk layihəsini Azərbaycanda ,Gəncə şəhərində həyata keçirmişdir. Cari ilin aprel ayından isə ölkənin Avropa Komissiyasının Avropa Könüllülük Proqramından akkreditasiya əldə etmiş ən gənc təşkilatıdır.