Gənclərimiz Gürcüstanda keçirilən beynəlxalq layihədə Azərbaycanı təmsil edib.
“Odlar Yurdu” Gənclər İctimai Birliyinin üzvləri 5-13 mart tarixlərində Gürcüstanın Tbilisi şəhərində “Erasmus+” proqramı çərçivəsində “Tempus Public Foundation” və “Long Term Planning Association” tərəfindən birgə təşkil edilən “Nature of conflicts – Identify, Discuss, Move” adlı layihədə iştirak edib. Birlik layihənin tərəfdaşlarından biri olaraq 5 nəfərlik komanda ilə layihədə Azərbaycanı təmsil edib.
Layihənin keçirilməsində əsas məqsəd münaqişə riskinin yüksək olduğu çox mədəniyyətli mühitlərdə çalışan gənclər üçün mədəniyyətlərarası müxtəlifliyi idarə etmə bacarıqlarını inkişaf etdirmək və təşviq etməkdir. Layihədə Azərbaycan, Gürcüstan, Ukrayna, Macarıstan, Ermənistan, Polşa, Slovakiya və Çexiyadan olan ümumilikdə 40 nəfər gənc iştirak edib.
Layihə müddətində gənclər təlim sessiyaları, qrup işləri, müxtəlif oyunlar, vörkşoplar vasitəsilə mövzu üzrə bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, əməkdaşlıqlar qurmaq, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanı əldə ediblər. Bundan əlavə, layihə müddətində “Mədəniyyət gecəsi” təşkil edilib. Gecədə iştirakçı ölkələr milli qida və içkilərin sərgiləndiyi süfrə hazırlayıblar. Həmçinin, gənclər tədbirdə ölkələrinə məxsus milli rəqs nümunələri də nümayiş etdiriblər. Azərbaycanlı gənclər tədbirdə fəal şəkildə iştirak edib.
Beynəlxalq əməkdaşlığın inkişafı və beynəlxalq təmsilçiliyin artırılması birliyimizin əsas prioritetlərindən biridir. Bu istiqamət üzrə fəaliyyətlərin artırılması və əməkdaşlıqların gücləndirilməsi üçün görülən işlər davam etdirilir.