Birliyimiz “HAYDER-Sosial media kampaniyaları” adlı beynəlxalq layihənin tərəfdaşı olub.
Birliyimiz Türkiyə Respublikasının Düzcə şəhərində, “Erasmus Plus” proqramı çərçivəsində “Hayat Boyu Öğrenimi Destekleme” Dərnəyi tərəfindən həyata keçirilən, “HAYDER-Sosial media kampaniyaları” adlı beynəlxalq layihənin tərəfdaşı olub. Layihədə Albaniya, Azərbaycan, Bolqarıstan, Latviya, Makedoniya, Rumuniya, Slovakiya, Tunis, Türkiyə və Yunanıstandan 40 nəfər gənclər təşkilatlarının nümayəndələri və fəal gəncləri iştirak edib. Azərbaycan 4 nəfərlik nümayəndə heyyəti ilə təmsil olunub.
“Erasmus+” proqramı çərçivəsində baş tutan təlim kursunun əsas məqsədi müxtəlif çalışma, qrup işləri ilə gənclərin diqqətinə sosial media kampaniyalarının əhəmiyyətini çatdırmaq, onlar arasında bu istiqamətdə fikir mübadiləsi aparmaq, gənclərin sosial media kampaniyaları hazırlaması istiqamətində bacarıqlarının inkişaf etdirilməsinə xidmət etmək idi.
Bu səpkidə olan beynəlxalq layihələrdə ənənəvi olaraq ölkələrin “mədəniyyət gecələri” keçirilir. Sayca 17-ci olan beynəlxalq layihəmizdə də “Azərbaycan Mədəniyyət Gecəsi”nə xüsusi hazırlamışdıq. Layihə iştirakçılarına tariximiz, uğurlarımız, mədəniyyətimizdən mümkün olduğu qədər geniş məlumat verildi.
Məlumat üçün bildirək ki, “Hayat Boyu Öğrenimi Destekleme” Dərnəyi ilə “Odlar Yurdu” gənclər İctimai Birliyi artıq 3-cü dəfə idi ki, “Erasmus Plus” proqramı çərçivəsində əməkdaşlıq edir. Bu səbəbdən də birliyin sədri Nigar Ələsgərova dərnəyin prezidenti İlyas Ayyıldıza uğurlu əməkdaşlıqdan dolayı “təşəkkürnamə” təqdim edib.