“Odlar Yurdu” GİB yeni inkişaf mərhələsinə qədəm qoyur
“Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərovanın və idarə heyyəti üzvlərinin iştirakı ilə Birliyin ofisində fəal könüllülər və yeni klub rəhbərləri ilə görüş keçirilmişdir. Çox mühüm məsələlərin müzakirəsi ilə yadda qalan görüşdə bildirilmişdir ki, “Odlar Yurdu” Gənclər İctimai Birliyi Milli QHT olaraq artıq Bakı şəhərində də fəaliyyətini genişləndirəcək. Eyni zamanda Birliyin regionlarda da regional mərkəz və nümayəndəliklərinin fəaliyyətə başlayacağı planlaşdırılır. Görüşdə Birliyin Gəncə Regional Mərkəzinin yeni rəhbəri Hüseyinli Aytac gənclərə təqdim olundu. Könüllülər üzrə koordinator, eyni zamanda mərkəzin müavini vəzifəsinə isə gənclərin istəyi ilə Təhminə Cəfərova təyin edildi. Nigar Ələsgərova həmçinin Birliyin rəhbərliyinə yeni gənclərin təyin olunacağını və “Odlar Yurdu” GİB-in yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırmışdır.
Görüş zamanı yeni klub rəhbərləri də ənənəvi olaraq “Odlar Yurdu” GİB tərəfindən həyata keçirilən və artıq 4-cü olan “İnkişaf Proqramı” çərçivəsində, yeni tədris ilində həyata keçirilməsi nəzərdə tutulmuş planlarını təqdim etmişlər. Birliyin sədri klubların fəaliyyətinin genişləndirilməsi və səmərəliliyinin daha da artırılmasının vacibliyini vurğulamış və əsas məqsədin gənclərin intellektual səviyyələrinin yüksəldilməsi , bacarıqlarının təmənnasız şəkildə inkişaf etdirilməsi və onların asudə vaxtlarının səmərəli təşkil olunması olduğunu bir daha diqqətə çatdırmışdır.
Məlumat üçün bildirək ki, Birliyin daxilində bir ildən çoxdur ki, “İntellektual Gənclər Klubu”, “Şahmat klubu”, “Poliqlot klub”(Rus və İngilis), “Gənc istedadlar klubu”, “Turizm klubu”, “Mafia klub” , üç ilə yaxındır ki, “Kitab klubu” və eyni zamanda ”Kino klub” fəaliyyət göstərir.
Daha sonra layihə təklifləri və yeni ideyalarını səsləndirən könüllülərlə geniş müzakirələr aparılmış və onlarla Birlik arasında könüllülük müqaviləsi imzalanmışdır.
Məlumat üçün bildirək ki, birlik fəaliyyətə başladığı ilk gündən gənclərin vətənpərvərliyin təbliğatına, milli-mənəvi dəyərlərin qorunmasına, həmçinin təhsil, elm, səhiyyə, mədəniyyət, sahibkarlıq, idman və cəmiyyətin digər sahələrinin inkişafına cəlb edilməsi, könüllülük işinin təşkili və gənclər sahəsində beynəlxalq əməkdaşlığın təmin olunması ilə bağlı müxtəlif tədbirlər və layihələr həyata keçirmişdir.