“Odlar Yurdu” Gənclər İctimai Birliyi beynəlxalq təşkilatın üzvü seçilib.
“Odlar Yurdu” Gənclər İctimai Birliyi “Youth and Environment Europe – YEE” təşkilatının üzvlüyünə qəbul olunub. Bu qurum 30 ölkədən 52 üzv ilə Avropada ətraf mühit istiqamətində fəaliyyət göstərən təşkilatların ən böyük şəbəkəsidir. 1983-cü ildə yaradılan qurumun baş ofisi Çexiyanın Praqa şəhərində yerləşir. Təşkilatın əsas missiyası ətraf mühit istiqamətində işləyən təşkilatları birləşdirmək və iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində fəaliyyətlər icra etməkdir.
26 sentyabr tarixində “Zoom” platforması üzərindən keçirilən Ümumi Yığıncaqda “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədr müavini Xəzər Cabbarlı birlik haqqında təqdimat edib. Təqdimatda birliyin fəaliyyət istiqamətləri və icra etdiyi layihələr haqqında məlumat verilib. Təqdimatdan sonra keçirilən səsvermə nəticəsində birlik YEE təşkilatına üzv olaraq seçilib. Üzv olaraq qəbul edilən təşkilatlar Ümumi Yığıncaqda iştirak etmək, Təşkilatın müxtəlif strukturlarında vəzifə tutmaq üçün namizəd irəli sürmək və səsvermə hüquqlarına sahib olur. Beynəlxalq şəbəkənin üzvü olmaqla birlik YEE şəbəkəsi ilə və vasitəsilə təşkilatın fəaliyyətini təbliğ etmək, Avropadakı digər ekoloji gənclik təşkilatları ilə yeni əlaqələr və ortaqlıqlar qurmaq, təcrübələri bölüşmək və ətraf mühitlə bağlı gənclərin işi və ətraf mühitin mühafizəsi haqqında yeniliklərlə tanış olmaq, YEE-nin bülletenini, nəşrlərini və bukletlərini dərhal əldə etmək, müəyyən mövzularda təlimlər, yerli aksiyalar və birgə kampaniyalar kimi beynəlxalq layihələrə başlamaq, təşkil və/və ya iştirak etmək, fandreyzinq və layihə idarəçiliyi baxımından dəstək almaq imkanlarını əldə edəcək.
2019-2021-ci il Strateji Planınına əsasən beynəlxalq əlaqələrin inkişaf etdirilməsi birliyin əsas prioritetlərindən biri olaraq seçilib. Son iki il ərzində bu istiqamətdə müxtəlif fəaliyyətlər həyata keçirilib. Belə ki, birliyin üzvləri Erasmus proqramı çərçivəsində gənclərin mübadilə proqramlarında və təlim kurslarında iştirak edib. Bundan əlavə, müxtəlif beynəlxalq təşkilatlara üzvlük üçün müraciətlər edilib, xarici gənclər təşkilatları ilə əməkdaşlıqlar yaradılıb. Növbəti illərdə bu istiqamətdə fəaliyyətlərin daha da genişləndirilməsi planlaşdırılıb.