“Odlar Yurdu” Gənclər İB İntellektual turnir keçirib
“Odlar Yurdu” Gənclər İctimai Birliyi və “Azərbaycan” İntellektual Oyunlar Klubunun birgə əməkdaşlığı, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, “Gəncə 2016-AGP” İB-nin tərəfdaşlığı ilə 29 may tarixində Gəncə şəhərində gənclərarasında “Nə? Harada? Nə zaman?” formatında İntellektual turnir keçirilib. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının əsas prioritet itiqamətlərindən biri “Gənclərin daha geniş kütləsinin intellektual fəaliyyətə cəlb edilməsi, asudə vaxtın səmərəli təşkil olunması” bəndini əsas götürərək , həmçinin 28 May Respublika Günü ərəfəsində təşkil olunan bilik yarışında 18-29 yaş qrupunu əhatə edən gənclərdən ibarət ümumilikdə 15 komanda iştirak edib. Komandalar Gəncə Dövlət Univeristeti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti , Gəncə şəhər Texniki Kolleci, Gəncə ASAN Xidmət Mərkəzinin könüllülərini, müxtəlif özəl qurumları və QHT-ləri təmsil ediblər. Turnirdə I yeri “Armageddon”, II yeri “Odlar Yurdu” , III yeri isə “Uğur” komandası qazanmışdır. Qalib komandalar diplom, kubok və medallarla təltif olunublar.
Turnirdə həmçinin Gəncə şəhər İcra Hakimiyyəti , Gəncə şəhər Gənclər və Baş İdarəsinin nümayəndələri iştirak etmiş turnirin gedişatına uğurlar arzulamaqla yanaşı bu kimi bilik yarışlarının keçirilməsi əhəmiyyətindən danışmışlar.