“Sağlam 5 gün” Layihəsi
Gəncə şəhərində “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüs və təşkilatçılığı, “Qan Donorları Assosiasiyası” İB və “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” İB-nin tərəfdaşlığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təş
kilatı dəstəyi ilə 25-30 may tarixlərində “Sağlam 5 gün” adlı layihə həyata keçirildi.
Layihə çərçivəsində “1 iyun-Uşaqlar Günü” münasibəti ilə könüllü və təmənnasız qanvermə aksiyası və 1000 nəfəri əhatə edən maarifləndirici aksiya (buklet və flayerləri şəhər mərkəzində paylanması) ,Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə ş. Tibb Kollecində gənclərlə, eyni zamanda 4 nömrəli tam orta məktəbdə yeniyetmələrlə maarifləndirici görüşlər keçirilmişdir. Görüşlərdə ümumilikdə 165 yeniyetmə və gənc iştirak etmişdir.
Birliyin sədri Nigar Ələsgərova layihə haqqında açıqlama verərək bildirmişdir: “Odlar Yurdu” GİB olaraq fəaliyyət göstərdiyimiz 3 ilə yaxın müddətdə gənclərin müxtəlif sahələrdə maariflənməsinə xidmət edərək Dövlət Gənclər Siyasətinə töhfə verməkdəyik. Növbəti dəfə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın müvafiq bəndlərinə uyğun olaraq, gənclərin sağlamlığa aid müxtəlif mövzularda maariflənməsini təşkil etmək məqsədi ilə “Sağlam 5 gün” adlı layihəni Gəncə şəhərində tərəfdaşlarımızla birgə həyata keçirdik. Layihənin əsas məqsədi Dövlət Gənclər Siyasətinə töhfə verməklə yanaşı , cəmiyyətimizdə insanların diqqətini sağlamlığımızla bağlı problemlərə cəlb etməklə yanaşı müəyyən istiqamətlərdə maarifləndirmək, qan donorluğunu təbliğ etməkdir”
Həmçinin sədr bildirmişdir ki, layihə çərçivəsində keçirilən maarifləndirici görüşlər zamanı mütləq şəkildə möhtərəm cənab Prezident İlham Əliyevin 2014-cü il 17 dekabr tarixli fərmanına əsasən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb 2015-ci il yanvarın 1-dən qüvvəyə minmiş fərmanın əhəmiyyəti də müzakirə olunaraq, gənclərin diqqətinə çatdırılmışdır.
Layihədə ekspert qismində AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri, Qan Donorları Assosiasiyasının sədri Fuad Əskərov iştirak etmişdir. Ümumilikdə Gəncə şəhər İcra Hakimiyyəti nümayəndələri, QHT və KİV nümayəndələri tədbirlərə qatılaraq dəstəklərini əsirgəməyiblər.