Türkiyə- Akçakoca
Türkiyədə Düzcə İl Milli Eytim Müdürlüyünün təşkilatçılığı ilə “Erasmus Plus” proqramı çərçivəsində “gənclərin işsizlik probleminin həllində təhsilin rolu” mövzusunda 5 ölkədən (Bosniya və Herseqovina, Türkiyə, Tunis, Rumunya, Azərbaycan) 55 nəfər gəncin iştirakı ilə “To Be Employed or not” adlı beynəlxalq layihə həyata keçirilib. “Odlar Yurdu” Gənclər İctimai Birliyinin də tərəfdaşı olduğu layihədə iştirakçı ölkələrin təhsil sahəsində çalışan menecerləri, pedaqoji heyyət nümayəndələri, müəllim peşəsinə yiyələnən gənc tələbələr, müxtəlif özəl təhsil müəssisələrinin nümayəndələri iştirak etmiş, təhsilin işsizlik probleminin həllinə təsiri haqqında müzakirələr aparmışlar. Türkiyə Respublikasının turistik bölgəsi olan Akçakoca şəhərində, cari ilin mart ayında reallaşdırılan layihədə iştirakçılar Türkiyə təhsil sistemi, Düzcə şəhərində fəaliyyət göstərən peşə-ixtisas liseyləri və s. ilə yaxından tanış olmuşlar.
Layihə çərçivəsində 11 nəfərlik Azərbaycan nümayəndə heyyəti tərəfindən ölkədə mövcud olan təhsil proqramları, işsizliyin həlli istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbir və proqramlar haqqında təqdimatlar keçirilmişdir. Həmçinin ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq layihələr və xüsusi ilə Gəncə şəhərinin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi haqqında geniş təqdimat nümayiş olunub. Azərbaycanın mədəniyyəti, mətbəxi, turizm potensialı haqqında da layihə iştirakçılarına məlumatlar verilib.