“Art and Sport, hand in hand” Beynəlxalq Gənclər Mübadiləsi
“Odlar Yurdu” Gənclər İctimai Birliyi 2016-cı ildə Avropanın Gənclər Paytaxtı Gəncə şəhərində “Art and Sport : hand in hand” Youth Exchange (“İncəsənət və İdman : əl- ələ” Gənclər Mübadiləsi) adlı Beynəlxalq layihə həyata keçirdi. 12 avqust Beynəlxalq Gənclər Günündə rəsmi açılış mərasimi baş tutan layihə Avropa Komissiyası Norveç Milli Agentliyi tərəfindən “Erasmus+” (youth in action) proqramı çərçivəsində maliyyələşdirilib.
11 – 19 Avqust tarixlərini əhatə edən layihə Norveçin Overhalla Kommune Təşkilatının əməkdaşlığı , Gəncə şəhər İcra Hakimiyyəti və “Zəka”Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı ilə 6 ölkədən 42 gənci biraraya gətirib.
Layihənin məqsədi sağlam həyat tərzini təbliğ etmək, gənclərə gündəlik həyatlarında idmanla məşğul olmalarını təşviq etməklə ,onlara bu vərdişin nə qədər əhəmiyyətli olduğunu çatdırmaq, həmçinin incəsənət sahəsinə maraq yaratmaqla onlara öz potensiallarını aşkar etmək şəraiti yaratmaqdır. Layihə zamanı iştirakçılar idman və incəsənətə aid müxtəlif fəaliyyətlər həyata keçirmiş, həmçinin Azərbaycanda həyata keçirilən idman siyasəti, bu sahədə qazanılan uğurlar, Azərbaycan incəsənətinin zənginliyi, ölkədə idmana və incəsənətə göstərilən qayğı haqqında geniş video təqdimatlara baxmış və müxtəlif məlumatlandırıcı tədbirlərdə iştirak etmiş, məlumat mübadiləsi həyata keçirmişlər. Azərbaycan mədəniyyəti , mətbəxi xarici qonaqlara yüksək səviyyədə təqdim olunmuşdur. Layihənin icrası zamanı Avropanın 2016-cı ildə Gənclər Paytaxtını daha geniş təbliğ etmək, digər regionlarımızla xarici ölkə gənclərini tanış etmək məqsədi ilə müxtəlif ekskursiyalar, gəzintilər, görüşlər həyata keçirilib. Layihə iştirakçıları “Zəka”Gənclər Mərkəzinin də qonağı olublar.
Layihədə Azərbaycan, Belarusiya, Sloveniya, Türkiyə, Gürcüstan və Norveçdən olan 42 gənc iştirak edib.
Məlumat üçün bildirək ki, “Erasmus+” proqramı üzrə Azərbaycanda ilk layihə məhz Gəncə şəhərində “Odlar Yurdu” GİB tərəfindən həyata keçirildi.