Azərbaycan və Türkiyə gəncləri Erasmus+ proqramı çərçivəsində rəqəmsal inkişaf sahəsində bir araya gəldi
Azərbaycan və Türkiyədən olan gəncləri bir araya gətirən “Təhsil, Məşğulluq və İştirakçılıq üçün Rəqəmsal İnkişaf və Gənclik” layihəsinin son mərhələsi İstanbulda uğurla tamamlandı. “Odlar Yurdu” Gənclər İctimai Birliyi və “Gençlik ve Değerler Derneği”nin təşkilatçılığı, “Türkiye Ulusal Ajansı”nın dəstəyi ilə Erasmus+ proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüs gəncləri sürətlə dəyişən rəqəmsal dünyaya hazırlamaq və onların təhsil, məşğulluq və ictimai iştirakçılıq sahələrində imkanlarını genişləndirmək məqsədi daşıyırdı.
Layihə çərçivəsində təşkil olunan seminar, təlim və interaktiv müzakirələr gənclərin rəqəmsal inkişaf sahəsində bilik və bacarıqlarını artırmasına şərait yaratmışdır. İştirakçılar əmək bazarında rəqəmsal bacarıqların əhəmiyyəti, təhsildə rəqəmsallaşma və gənclərin ictimai iştirakçılığının gücləndirilməsi kimi mövzularda müzakirələr aparmış, bu sahədə tətbiq edilə biləcək yeni yanaşmalar haqqında fikir mübadiləsi etmişlər.
Layihənin ikinci günündə iştirakçılar əmək bazarında rəqəmsal bacarıqların rolu ilə bağlı seminarlarda iştirak etmiş və layihə çərçivəsində nəzərdə tutulan siyasət sənədinin ilkin versiyasını hazırlamağa başlamışlar. Növbəti gün bu sənədin tamamlanmış versiyası təqdim edilərək müdafiə olunmuş, iştirakçılar onun əsas məqamlarını izah edərək, müxtəlif suallara cavab vermişlər. Eyni zamanda, rəqəmsal texnologiyaların cəmiyyətə təsiri, onların müxtəlif sahələrdə tətbiqi və gələcək perspektivləri müzakirə edilmişdir.
Qeyd edək ki, layihədə Azərbaycan və Türkiyədən 40 gənc iştirak edib. Onlar interaktiv müzakirələrdə, seminar və təlimlərdə fəal şəkildə iştirak edərək biliklərini artırıb, yeni ideyalar əldə ediblər. Beynəlxalq əməkdaşlığı və gənclər arasında şəbəkələşməni gücləndirən bu layihə onların gələcək karyera və ictimai fəaliyyətlərinə töhfə vermək baxımından əhəmiyyətli bir platforma oldu.
Məlumat üçün bildirək ki, layihənin ilkin mərhələsi 16-21 dekabr 2024-cü il tarixlərində Bakıda keçirilmiş, son mərhələsi isə 18-20 fevral 2025-ci il tarixlərində İstanbulda baş tutmuşdur.






