“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində işgüzar görüşlər keçirilib.
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin ictimai maarifləndirmə və araşdırma
mərhələsi çərçivəsində işgüzar görüşlər keçirilib. İlkin olaraq İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Nahid Bağırovla, həmçinin Buynuz və Xanəgah İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri Gülzar Şirəliyeva və Səyavuş Həsənovla görüşlər həyata keçirilib. Görüşlər zamanı layihə haqqında detallı məlumat verilib, kəndlərin ümumi şəraiti müzakirə edilib. Kənd sakinlərinin layihə haqqında, sahibkarlıq və özünüməşğulluq mövzularında məlumatlandırılması məqsədilə atılacaq addımlar planlaşdırılıb.
Layihə İcra Hakimiyyəti tərəfindən yüksək qiymətləndirilmiş və lazımi dəstək göstərilib.
Bundan başqa layihənin icrasına cəlb olunacaq könüllü gənclərin koordinasiya olunması məqsədilə İsmayıllı rayonu Gənclərin İnkişaf və Karyera Mərkəzində seminar təşkil olunub və cəlb olunan könüllülərə layihə haqqında ətraflı məlumat verilib.
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.