“KönüllüSƏN 5” layihəsi uğurla davam edir.
Artıq 5-ci dəfədir ki, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “KönüllüSƏN” layihəsi uğurla davam edir. Layihənin əsas məqsədi könüllülük hərəkatını gənclər arasında təbliğ etmək, gənclərin gələcək fəaliyyətlərində istifadə edəcəkləri təcrübə, bilik və bacarıqlar əldə etmələrinə şərait yaratmaqdır.
Seçilmiş layihə iştirakçıları ilə xüsusi hazırlanmış proqram çərçivəsində layihələrin yazılması və idarə edilməsi, ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr üzrə fəaliyyətlər təşkil olunur. Belə ki, gənclər “Layihələrin yazılması və idarə olunması”, “Motivasiya”, “Gənclərin inkişafında gənclər təşkilatlarının rolu” və “Emosional intellektin əhəmiyyəti” kimi mövzular üzrə təlim və görüşlərdə iştirak ediblər. Hal-hazırda gənclər birliyin həyata keçirdiyi layihələrin icrasına cəlb olunaraq gələcək karyeralarında onlara lazım olacaq vərdiş və biliklərə yiyələnirlər.
Məlumat üçün qeyd edək ki, “KönüllüSƏN-5” layihəsi 1 avqust – 31 oktyabr 2021-ci il tarixlərini əhatə edir. Gənclərin cəmiyyətdə iştirakçılığını təmin etmək məqsədilə təlimlərin təşkili və seçdikləri fəaliyyətlərə uyğun işlərin görülməsi davam edir.