“Odlar Yurdu” Gənclər İctimai Birliyi Xocalı faciəsinin 21-ci il dönümünə həsr olunmuş anım mərasimi keçirmişdir.
23 fevral 2013-cü il tarixində “Odlar Yurdu” Gənclər İctimai Birliyi Xocalı faciəsinin 21-ci il dönümünə həsr olunmuş anım mərasimi keçirmişdir. Görüşdə Birliyin sədri Nigar Ələsgərova, Professor Sevda Qurbanəliyeva, tarixçilər, ziyalılar ,müxtəlif təşkilat nümayəndələri və gənclər iştirak etmişlər.
Mərasimi giriş nitqi ilə birliyin sədri Nigar Ələsgərova açmış, Xocalı faciəsində həlak olanların əziz xatirəsi birneçə dəqiqəlik sükütla yad edilmişdir. Şəhər ziyalıları və gənclər ”Xocalı Gəncliyin gözü ilə” ,“Ümumdünya İnsan Haqqları Bəyannaməsinin Xocalıda pozulan maddələri” ,“Xocalı Genosidini hansı ölkələr tanıdı?” ,”Xocalı dünya mətbuatında”, “Faciənin icmalı” , “Ermənilərin Xocalı Genosidi haqqında etirafları” və s. mövzularda nitqlər söylədilər.
Birliyin sədrinin sözlərinə görə bu tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində həyata keçirilir. Eyni zamanda Birlik artıq 21 fevral 2013-cü il tarixindən etibarən Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” hərəkatına dəstək olaraq Gəncə şəhərində fəal gənclərin, həmçinin şəhər sakinlərinin iştirakı ilə aksiyaya başlamışdır. Aksiya 3 gün müddətində davam edəcəkdir.
Birliyin sədri onu da qeyd etdi ki, bu cür tədbirlərin keçirilməsi çox önəmlidir. Xocalı hadisəsi bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Bu faciənin qurbanlarının xatirəsini anmaq hər bir azərbaycanlının mənəvi borcudur.
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş qısa metrajlı film də izlənildi.