Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib
14 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yanında İctimai Şuranın növbəti iclası keçirildi. Şura üzvləri ilk olaraq Fəxri Xiyabanda xalqımızın Ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdilər. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edildi. Daha sonra Şura üzvləri Şəhidlər Xiyabanını ziyarət edib, Şəhidlərimizin ruhunu dərin ehtiramla yad etdilər.
İctimai Şuranın fəaliyyətinin daha təkmil təşkili məqsədilə Şura üzvlərinin iştirakı ilə hibrid formatda İctimai Şuranın növbəti iclası öz işinə başladı. Sədi Azər Əliyev gündəlikdə olan məsələləri Şura üzvlərinin diqqətinə çatdırdı və gündəlik səs çoxluğu ilə qəbul edildi. Öncəki iclasda Şura üzvləri tərəfindən səsləndirilən təkliflər əsasında tərtib olunmuş fəaliyyət planı müzakirəyə çıxarılaraq Şuranın fəaliyyət planına əlavə düzəliş və qeydlər edildi.
İclasın yekununda gündəliyinə müvafiq olaraq İctimai Şuraya ikinci müavin seçkiləri keçirildi və səsləndirilən təkliflərə əsaslanaraq Gənclər və İdman sahəsi üzrə olmaqla iki İşçi qrupu yaradıldı və işçi qrupun rəhbərləri təyin edildi. Həmçinin cari məsələlər müzakirə edilməklə növbəti fəaliyyətlər üçün icra planı hazırlandı.