İlk əməkdaşlıq səfəri (11.04.2015)
“Odlar Yurdu” GİB ilk əməkdaşlıq səfərini uğurla yekunlaşdırdı.
11 aprel tarixində “Odlar Yurdu” GİB Tbilisi şəhərinə işgüzar səfər edib.
Beləki Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Gəncədə fəaliyyət göstərən “Odlar Yurdu” Gənclər İctimai Birliyinin və Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) Gənclər şöbəsinin təşkilatçılığı ilə “Azərbaycan və Gürcüstan gəncləri ötən gün və sabah” mövzusunda görüş keçirilib. Tədbirdən öncə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin gəncləri Heydər Əliyevin Tbilisidəki büstünü ziyarət ediblər. Sonra tədbir Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində davam edib. Tədbiri giriş sözü ilə açan AMM-nin gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva görüşün məqsədi barədə iştirakçılara məlumat verərək gələcəkdə iki təşkilatın əməkdaşlıq çərçivəsində Azərbaycan-Gürcüstan gəncləri arasında dostluğun inkişaf etdirilməsi, müxtəlif mövzularda maarifləndirmə işinin aparılması istiqamətində müxtəlif layihələrin həyata keçiriləcəyini bildirib.
Daha sonra çıxış edən “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova Azərbaycanda həyata keçirilən gənclər siyasətindən danışaraq dünyada gənclərə ən çox dəstək göstərən ölkənin məhz Azərbaycan olduğunu vurğuladı. Azərbaycan gəncliyinin harada yaşamasından asılı olmayaraq əldə etdiyi uğurlardan danışan Nigar xanım Gürcüstan gəncliyinin də böyük potensialara malik olduğunu və Gürcüstan gənclərilə əməkdaşlıq etmək arzusunun məhz bununla bağlı olduğunu vurğuladı. Gəncədə fəaliyyət göstərən təşkilatın əsas məqsədinin və həyata keçirdiyi layihələrdən danışan Nigar Ələsgərova bu tipli layihələrin Gürcüstanda da həyata keçirilməsinin faydalı olacağını bildirdi. Həmçinin “Bakı-2015 Avropa Oyunları” “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” kimi mötəbər tədbirlərdən danışan Nigar Ələsgərova bu uğurların tək Azərbaycanın deyil Qafqazın uğuru olduğunu və qonşu ölkələr üçün də faydalı təcrübə olacağını vurğuladı. “Əsas məqsədimiz Gürcüstan gəncliyinin inkişafı istiqamətində layihələr həyata keçirməklə yanaşı, Azərbaycan mədəniyyətini, tarixini, iqtisadı,siyasi həyatında əldə edilən böyük uğurları Gürcüstanda mütəmadi olaraq təbliğ etməkdir. Ümüd edirəm ki, əməkdaşlığımız uğurlu nəticələr verəcək,” deyə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri N. Ələsgərova çıxışında bildirib.
Daha sonra Gürcüstanlı gənclərlə müzakirələr keçirildi. Səslənən təkliflər arasında sosial problemlərin həlli istiqamətində müəyyən addımların atılması, Gürcüstan azərbaycanlıları arasında könüllülük məktəbinin inkişafı, gənclərin maarifləndirilməsi və digər məsələlər barədə fikirlər səsləndirildi.
Tədbirin sonunda Azərbaycan və Gürcüstan gəncliyi arasında körpü rolunu oynayacaq iki təşkilat arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova və AMM-in Gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva imzalayıb.
Görüşün sonunda isə qonaqlara Tbilisi şəhərinin tarixi yerlərinə ekskursiya təşkil olundu.